Владелец Алина Число скачиваний: 400
Cəfərova Raibə Məmmədbağır qızı,
Abbasova Yeganə Əziz qızı Azərbaycan
Dövlət Aqrar Universiteti
(Gəncə, Azərbaycan)
Annotasiya. Kənd təsərrüfatı üzrə məhsul istehsalı kənd yerləri üçün gəlirin və stabilliyin vacib mənbələrindəndir. Bu baxımdan məqalədə kənd təsərrüfatında davamlı istehsala nail olmanın ən vacib faktorlarından birinin də maliyyə təminatının olması qeyd edilmişdir. Bunun üçün məqalədə kənd təsərrüfatı kreditlərinin həcminin artırılması və optimal həddinin müəyyənləşdirilməsi məhsul istehsalının artımına nə dərəcədə təsir etməsi istiqamətində təhlillər aparılmışdır. Təhlil zamanı Azərbaycanın illik statistik məlumatlarına, istinad edilərək, müqayisə, statistik qruplaşdırma, riyazi hesablama, müşahidə üsullardan istifadə edilmişdir. Azərbaycanda reallığı təhlil etmək üçün 2012-2014-cü illər üzrə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrini və eyni zamanda bunun məhsul istehsalında artıma təsirini araşdırmğa cəhd etmişik. Təhlil zamanı aydın olmuşdur ki, verilən güzəştli kreditlərin həcmi İqtisadi rayonlar üzrə çox fərqlidir. Eyni zamanda qeyd edilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalında təbii-iqtisadi amillərdən asılı olaraq iqtisadi rayonların çəkisi də müxtəlifdir. Məqalədə əsas növ kənd təsərrüfatı məhsulunun istehsalında regionların ölkə üzrə xüsusi çəkisi təhlil edilərək regionlar üzrə kənd təsərrüfatına ayrılan güzəştli kreditlərin həcminin artımının məhsul istehsalına təsiri qiymətləndirilmiş və təhlilə uyğun təkliflər irəli sürülmüşdür. Təhlil zamanı tədqiqatın məhdudiyyətləri də nəzərə alınmışdır. Belə ki, kənd təsərrüfatının təbii-iqlim əlamətlərindən asılı olduğundan məhsul istehsalının kreditlərin həcmindən asılılığı özünü doğrultmaya da bilər. Sonda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə regional təhlilərin aparılması verilən kreditlərdən regionların nə dərəcədə düzgün istifadə edilməsi qiymətləndirilərək uyğun nəticə çıxarılmışdır.
Açar sözlər: güzəştli kreditlər, kənd təsərrüfatı, məhsul istehsalı, bitkiçilik məhsulları, heyvandarlıq məhsulları.